
« Filial ali təhsilli mütəxəssis hazırlamaq üçün 1999-cu ilin may, iyul aylarında Rusiya və Azərbaycan Təhsil Nazirliklərinin lisenziyalarını almışdır.
2002-ci ilin iyul ayında isə Rusiya Federasiyası Təhsil Nazirliyinin Tədris Müəssisələrinin Attestasiyası üzrə İnspeksiyası Filialı Attestasiyadan keçirmişdir.
AHİK-in İcraiyyə Komitəsinin 15 b. 28 Ə №-li 20 fevral 2006-cı il tarixli qərarına əsasən Rusiya Federasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialı yenidən təşkili ilə əlaqədar ləğv edilərək 01 iyul 2006-cı ildən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına çevrilir.
Filialın bütün hüquq və vəzifələri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına verilir.
Bu gün Akademiyada 50 nəfərə yaxın professor-müəllim heyəti çalışır. Onların 75 faizə yaxını elmlər doktoru və namizədləridir. Akademiyanın müəllimləri respublikamızın elmi həyatında yaxından iştirak edirlər. Burada hazırlanan dərsliklər, dərs vəsaitləri, metodiki tövsiyələr, digər elmi materiallar həmkarlar ittifaqları kadr və fəallarının, eləcə də iqtisadi yönümlü digər ali məktəblərin tələbələrinin istifadəsindədir.
Akademiyanın tədris və yataqxana korpusu, kitabxana, yeməkxana və xidmət sahələri, müasir kompyüterlərlə təchiz olunmuş kompyüter otağı və geniş auditoriyaları yüksək ixtisaslı və hərtərəfli mütəxəssis hazırlanması üçün lazımi şəraiti təmin etməyə imkan verir.
»